“Əzizim Vətən yaxşı” rəsm sərgisi təşkil olunub
Bakı, 18 noyabr, AZƏRTAC
“Şuşa İli” çərçivəsində noyabrın 18-də 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində "Buta" dizayn studiyası "Əzizim Vətən yaxşı" rəsm sərgisi keçirib.
AZƏRTAC xəbər verir ki, sərgidə mərkəzin müəllimi Könül Orucovanın rəhbərlik etdiyi "Buta" dizayn studiyasının 7-9 yaş aralığında 13 üzvünün hazırladıqları rəsm işləri nümayiş olunub. Uşaqlar rəsmlərində insanın zehni qabiliyyətini, ağlının çevikliyini göstərən tapmacaları, Azərbaycan bayatıları və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyan atalar sözlərini boyaların dili ilə göstərməyə çalışıblar.
Tədbirdə Elm və Təhsil Nazirliyinin nümayəndələri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvləri, görkəmli rəssamlar və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi uşaq və gənclərin asudə vaxtlarının səmərəli və faydalı təşkili üçün şərait yaradan məktəbdənkənar tərbiyə müəssisəsidir. Mərkəzdə uşaqların dünyagörüşünün formalaşdırılması, məlumat dairəsinin genişləndirilməsi, istedad və qabiliyyətinin üzə çıxarılması məqsədilə müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirilir.