“FƏLSƏFƏ VƏ SOSİAL-SİYASİ ELMLƏR” JURNALININ ÜÇÜNCÜ NÖMRƏSİ ÇAPDAN ÇIXMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (AFSEA) tərəfindən nəşr olunan “Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının cari ildə üçüncü nömrəsi çapdan çıxmışdır.
Redaksiya şurasının sədri akademik Ramiz Mehdiyev Ön sözdə yeni dövrün insanlarının öz düşüncə və həyat tərzinə görə əvvəlki nəsildən xeyli dərəcədə fərqləndiyini və dövrün qoyduğu suallara cavab verə biləcək yeni tipli fəlsəfi sistemlərin yaranmasının artıq bir zərurət olduğunu vurğulayır. Bu işdə gənc nəslin rolunu xüsusi dəyərləndirən müəllif intellektual elita sıralarında gələcəyi qurmağa çalışan və yaradıcı fəaliyyət qabiliyyətinə malik insanların aşkar edilməsini qarşıda duran mühüm vəzifələrdən biri kimi göstərir.
Jurnalın bu nömrəsində fəlsəfə tarixi, mədəni-mənəvi irslə bağlı mövzularla yanaşı, müasir ictimai-siyasi problemlərin tədqiqinə də geniş yer verilir.
Siyasi elmlər bölməsində akademik Ramiz Mehdiyevin “Modernləşmə yenə gündəlikdədir” məqaləsində müəllif fəlsəfənin əhəmiyyətli problemi kimi, cəmiyyətin daxilindəki qarşılıqlı münasibətlərin, ilk növbədə, nəsillərin dialoqunun təhlilini verir. Tanınmış tədqiqatçıların fikirlərini araşdıran akademik məsələnin lokal həllini göstərir və Azərbaycanda gedən islahatlarda həm ümummilli lider Heydər Əliyevin, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətlərini fəlsəfi tədqiqat prizmasından dəyərləndirir.
Jurnalın digər bölmələrində Türkiyədən professor Teoman Duralı, professor Sənail Özkan, Qazaxıstandan professor Əbdümalik Nısanbayev, doktor Baxıtcan Saterşinov kimi tanınmış tədqiqatçı alimlərin məqalələri oxuculara təqdim edilir.
Ənənəvi olaraq, bu nömrədə də görkəmli filosofların əsərlərindən tərcümələr verilmişdir. Bunlardan fransız filosofu Moris Merlo-Pontinin “Qavrayışın fenomenologiyası”, yapon filosofu Toşihiko İzutsunun “İslamda metafizik düşüncənin əsas strukturu”, türk filosofu Alparslan Açıqgəncin “Molla Sədra fəlsəfəsi” adlı məqalələri maraq doğurur.
Nəşrdə Azərbaycan alimlərinin türk dünyası sosioloqlarının Almatıda keçirilmiş II qurultayında, İstanbulda III Beynəlxalq İbn Sina simpoziumunda, Konyada I Beynəlxalq Sədrəddin Konəvi simpoziumunda iştirakı haqqında məlumat verilmiş, XXII Dünya Fəlsəfə Konqresinin məruzəçiləri siyahısına daxil edilmiş azərbaycanlı müəlliflərdən S.Xəlilov və K.Bünyadzadənin məruzələrinin mətnləri dərc olunmuşdur.
Jurnalın oxucuları xarici ölkələrlə elmi-fəlsəfi əməkdaşlığın inkişafı istiqamətində görülən tədbirlərlə də tanış ola biləcəklər.
######
