FEMMES DIGITALES klubu Azərbaycanda İKT-də Qızlar Beynəlxalq Gününü qeyd edəcək
Bakı, 26 aprel, AZƏRTAC
“Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” ənənəvi olaraq Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilmiş İKT-də Qızlar Beynəlxalq Gününü qeyd edəcək.
“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə klub tərəfindən bir sıra tədbirlərin, eləcə də aprelin 28-də “ADA” Universitetində “Microsoft Azərbaycan”la birgə “Azərbaycanın Rəqəmsal Qızları: İKT-də parlaq gələcək. Yeni nəsil qadınlar üçün imkanlar” mövzusunda konfransın keçirilməsi planlaşdırılır. Konfransın təşkilatçıları Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “ADA” Universitetinin informasiya texnologiyaları və Mühəndislik Məktəbi (SITE), Azərbaycanda Amerika Ticarət Palatası (AMCHAM), “Microsoft”, “Asan İmza” və “Tech-Tech Xanim” (WoWoman) şirkətləridir. Tədbirin sponsorları “MONT”, “Optic Gallery”, “Bakcell”, “Azercell”, “Eurodesign”, “Ultra Technologies”, “Cybernet” və “Millikart”dır.
Ənənəvi konfrans informasiya texnologiyaları və startaplar sahəsinə cəlb edilmiş qızları və qadınları bir araya toplayaraq İKT sahəsində müzakirələrin, şəbəkələşmənin və təcrübə mübadiləsinin aparıldığı meydançanı təmsil edir. Bu il də tədbirin işində sıralarında təhsil, mədəniyyət, məşğulluq və texnologiyalara dair məsələlərlə məşğul olan dövlət qurumlarının, səfirliklərin nümayəndələrinin, yerli İKT şirkətlərinin rəhbərlərinin, eləcə də bu sahədə çalışan qadın sahibkarların da olduğu 200-dən artıq iştirakçının qatılacağı gözlənilir.
Konfransdan əvvəl iştirakçılar Azərbaycanda İKT sahəsində uğurlu fəaliyyəti ilə fərqlənən qadınlarla şəxsən ünsiyyət etmək imkanı əldə edəcək, onları maraqlandıran suallar cavablandırılacaq.
Konfrans barədə ətraflı məlumatı Azərbaycan Qadınlarının İKT Klubunun “Facebook” səhifəsindən (https://www.facebook.com/femmes.digitales) əldə etmək mümkündür.