REGİONLAR
Fermerlər kənd təsərrüfatı heyvanları və quşların xəstəliklərinə qarşı mübarizə tədbirləri barədə maarifləndiriliblər VİDEO
Quba, 15 mart, Elxan Yusifli, AZƏRTAC
Ərzaq Təhlükəsizliyi Proqramının uğurla reallaşdırılmasında əsas istiqamətlərdən biri də heyvandarlığın inkişaf etdirilməsi, eləcə də heyvanların sağlamlığını qorumaq məqsədi ilə müalicə və profilaktik tədbirlərin həyata keçirilməsindən ibarətdir. Yerli heyvanların daha məhsuldar cins heyvanlarla əvəz olunması, süni mayalama yolu ilə sağlam balaların əldə edilməsi, yem bazasının keyfiyyətli yemlərlə möhkəmləndirilməsi, xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirilməklə fermerlərə, sahibkarlara yaxından kömək etmək baytarların əsas vəzifəsidir.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 15-də Quba Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində fermerlər və kənd təsərrüfatı mütəxəssislərinin iştirakı ilə keçirilən seminarda məlumat verilib.
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Dövlət Baytarlıq Nəzarəti Xidməti, Azərbaycan Baytarlıq Elmi Tədqiqat İnstitutunun birgə təşkil etdiyi seminarın iştirakçıları “Kənd təsərrüfatı heyvanlarının və quşların xəstəlikləri, onlara qarşı mübarizə tədbirləri” mövzusunda maarifləndiriliblər.
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından 50-yə yaxın fermerin iştirak etdiyi seminarda “Quşların kolibakterioz və salmonelloz xəstəliklərinin profilaktikası”, “Heyvanların, quşçuluq məhsullarının və yem əlavələrinin tərkibində geni modifikasiya olunmuş (GMO) və sintetik hormonal maddələr”, “Kənd təsərrüfatı heyvanlarının və quşların parazitar xəstəlikləri”, “Xüsusi təhlükəli patogen xəstəliklər, fermalarda biotəhlükəsizlik qaydaları” mövzularında mühazirələr dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində son illər respublikamızda kənd təsərrüfatı, o cümlədən baytarlıq sahəsində görülən işlərdən də danışılıb. Seminar iştirakçılarına Bakıda yeni istifadəyə verilən baytarlıq şəhərciyi, Baytarlıq Elmi Tədqiqat İnstitutunun əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.