FƏXRİ KONSUL DAVTYAN JURNALİSTLƏRİ DÖYMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri Ukrayna veb-saytlarına istinadla xəbər verir ki, Avstriya Respublikasının Xarkov şəhəri və vilayətindəki fəxri konsulu Aleksandr Davtyan operatorun kamerasını zorla əlindən almağa çalışmış, sonra isə onun göstərişi ilə 10 nəfər cangüdəni çəkiliş qrupunun üzvlərini döyməyə başlamışdır. Hadisədən sonra isə Davtyan ona hücum edildiyini bildirmiş, lakin hadisə yerinə gələn hüquq mühafizə orqanları nümayəndələrinin “Sizə kim hücum etmişdir?” sualına cavab verməkdən imtina etmişdir.
“İnformbüro” media mərkəzinin jurnalisti Alla Plis demişdir ki, biz plan üzrə çəkiliş aparırdıq. Dövlət Arxitektura-Tikinti Nəzarəti Müfəttişliyinin reydini çəkirdik. “Xarkov” mehmanxanasının həyətindəki tikintini görüb onu çəkmək qərarına gəldik. Lakin çəkiliş qrupu hələ işə başlamamış, Davtyan cangüdənləri ilə birlikdə mehmanxanadan çıxdı, televiziya əməkdaşlarından buradan uzaqlaşmağı və xüsusi mülkiyyətdəki ərazini çəkməməyi tələb etdi. Çəkiliş qrupunun xüsusi mülkiyyətdəki ərazidə olmaması faktı isə onu pərt etmədi.
Davtyanın cangüdənləri 21 yaşlı operator Denis Ageyenkoya hücum çəkərək, onun kamerasını zorla əlindən almağa çalışırdılar. Operator bahalı texnikanı öz bədəni ilə qoruyurdu, lakin o, zərbələrə davam gətirməyib yerə yıxıldı. Mühafizəçilər isə onun başına, bədəninə, ayaqlarına zərbələr vururdular.
Səs-küyə “Xarkov” mehmanxanasından “Simon” teleradioşirkətinin çəkiliş qrupunun üzvləri çıxdılar. Qəribə də olsa, həmin şirkətin prezidenti elə Davtyanın özüdür. Jurnalistlər baş verənləri çəkməyə başladılar. “Simon”un işçisi olan operator da öz payını aldı. Lakin onu az döydülər: hər halda, qarışıqlıqda onun özlərinki olduğunu başa düşdülər.
Son nəticədə Davtyanın qəzəbinə tuş gəlmiş operatorun kamerasını onun əlindən alıb, qırıq-qırıq etdilər. “İnformbüro” teleqrupunun ikinci operatoru Vladimir Uspenski də xəsarət aldı.
Sonradan Aleksandr Davtyan jurnalistlərə bildirmişdir ki, o, hücuma məruz qalmışdır, onlarda heç bir kamera olmamışdır və bunu özlərindən uydururlar. Jurnalistləri milis çağırmaqla hədələyən Davtyan guya ondan rüşvət tələb edildiyini demiş, lakin rüşvətin kim tərəfindən tələb olunduğu barədə suala cavab verə bilməmişdir. Davtyanın hüquq mühafizə orqanları ilə təmasda olmaq istəməsinə baxmayaraq, hadisə yerinə televiziya işçiləri tərəfindən çağırılmış milis işçiləri ondan tutarlı cavab ala bilməmişlər.
Ukrayna qanunvericiliyinə görə, kameranın obyektivinə hansı binanın və insanların düşə biləcəyindən asılı olmayaraq, ictimai yerdə jurnalistlərin işinə heç kəs mane ola bilməz.
Alla Plis demişdir ki, biz bu qalmaqalın üstündən sükutla keçməyəcəyik. Günahkar cəzasını almalıdır. Aleksandr Davtyanın təqsirini sübut edəcək videomateriallar Kiyevdə keçiriləcək mətbuat konfransında nümayiş etdiriləcəkdir.