Fəxri xiyabanda yaşanan izdiham Ulu Öndərin xatirəsinə ümumxalq ehtiramının ifadəsidir
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Bakının bütün yolları Fəxri xiyabanda birləşirdi. İnsanlar axın-axın Ulu Öndərin abidəsi önündən keçir, onun ruhu qarşısında baş əyirdilər. Fəxri xiyabanda yaşanan bu izdiham xalqın öz böyük oğlunun xatirəsinə ehtiramının parlaq ifadəsidir. Bu mənzərəni seyr etdikcə bir daha əminlik yaranır ki, Heydər Əliyevə olan ümumxalq məhəbbəti onun özü kimi əbədidir.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər arasında cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən, hər yaşda olan insanlar var. Vətənini sevən hər bir azərbaycanlı Ulu Öndərin xatirəsini son dərəcə əziz və müqəddəs tutur. Çünki Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimiz bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Ötən on iki il ərzində xalqımız bütün şüurlu həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş böyük oğlunu bir an belə unutmayıb. Bu günlər təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində, o cümlədən xarici ölkələrdə də ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş anma mərasimləri keçirilir.
AZƏRTAC-ın müxbirləri dekabrın 12-də anım mərasimlərində iştirak edən insanlarla görüşərək, onlardan müsahibələr alıblar. Onların hər biri müasir tariximizdə silinməz iz qoymuş bu böyük insan haqqında ürək sözlərini dilə gətirib, Ümummilli Liderin parlaq xatirəsinin yaddaşlarda daim yaşayacağına əminliyini ifadə edib.
Paytaxt sakini Ramiz Şamxalov: “Ulu Öndərin zəngin həyat yolu heç də hər kəsə nəsib olmayan yenilməz siyasi iradənin, xalqına, Vətəninə sonsuz məhəbbətin təcəssümüdür. Məni bura çəkib gətirən də elə bu hisslərdir. Ölkəmiz və xalqımız bu gün də ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətindən bəhrələnir. Müstəqil, daim inkişaf edən Azərbaycan onun şah əsəridir. Odur ki, hər birimiz bu böyük insana mənən borcluyuq”.
Ulu Öndərin həyat amalı bütün varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətçiliyə, ölkəmizin iqtisadi, siyasi və mədəni inkişafına xidmət olub. Heydər Əliyev 30 ildən artıq bir müddətdə - istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiq olduğu yerə çıxarıb. Tariximizin Heydər Əliyev mərhələsi kimi səciyyələndirilən bu dövr sadəcə təqvim göstəricisi deyil, qarşıda açılan yeni üfüqlər, fəth olunan zirvələr deməkdir. Fəxri xiyabana gələn hər kəs bunu bilir, Ulu Öndərin misilsiz xidmətlərini minnətdarlıq hissi ilə xatırlayır.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkiliş-texnika sexinin rəisi Nəsir Ağayev: “Azərbaycan gəncliyinin inkişafı Ulu Öndərin ən çox diqqət yetirdiyi məsələlərdən biri idi. Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri təyin olunduğu dövr mənim gənclik illərimə təsadüf edirdi. O vaxt azərbaycanlı gənclər keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə təhsil almağa göndərilirdi. Onların arasında mən də vardım. Leninqrad Dövlət Teatr, Musiqi və Kino İnstitutunu bitirərək vətənə qayıtdım və kino sahəsində fəaliyyətə başladım. Bu gün də öz ixtisasım üzrə çalışıram. Gənclərə hər zaman diqqət göstərən, onların qayğısının, problemlərinin həllinə xüsusi fikir verən Ümummilli Lider daim xalqın gələcəyini düşünür, gənclərə böyük etimad bəsləyirdi. Ali təhsilli, istedadlı gənclərin hər cür şəraitlə təmin edilməsinə, güclü milli kadr potensialının formalaşmasına çalışır və buna nail olurdu”.
Müsahibimizin dediklərində böyük həqiqət var. 1969-1982-ci illərdə Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın gələcəyinə hesablanmış güclü kadr potensialının yaradılması, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər yetişdirilməsi idi. Həmin illərdə keçmiş SSRİ-nin 170 qabaqcıl ali məktəbinə minlərlə azərbaycanlı gənc göndərilmişdi. Hər il Azərbaycanın hüdudlarından kənarda təhsil almaq üçün orta hesabla 800 tələbə yola salınırdı.
Ulu öndər bütün sahələr kimi, ekoloji problemlərin həllini də daim diqqət mərkəzində saxlayırdı. Onun hakimiyyəti dövründə ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində mühüm işlər görülüb, dövlətin məqsədyönlü ekoloji siyasəti formalaşıb. Xüsusən müstəqillik illərində bir sıra qanunvericilik aktları-meşə, torpaq, su haqqında və digər qanunlar qəbul edilib. Ətraf mühitin idarə olunmasının təkmilləşdirilməsi məqsədilə 2001-ci ilin mayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.
Ulu Öndərin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Nazim Hümbətov deyib: “Ümummilli lider Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın inkişafına çalışıb, eləcə də ekologiyanın qorunmasını daim diqqət mərkəzində saxlayıb. Hələ sovet hakimiyyəti illərində respublikaya rəhbərlik edərkən ətraf mühitin mühafizəsi, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələləri ilə ciddi məşğul olub. Hazırda Bakıda, Abşeron yarımadasında və digər bölgələrdə mövcud yaşıllıqların böyük hissəsi vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınıb. Bu ənənə hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Heydər Əliyevi sevdirən ən başlıca xüsusiyyətlərdən biri də onun sadə, zəhmətkeş adamlara qayğısı, həssas münasibəti idi. Ulu Öndər tez-tez əməkçilərlə görüşür, onlarla səmimi söhbət edir, bu insanları diqqətlə dinləyirdi. Təsadüfi deyil ki, bu görüşlər xatirələrdə silinməz iz buraxıb və daim xatırlanır.
Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Sədrəddin Ələsgərov əbədiyaşar lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək deyir: “Ulu Öndər 1969-cu ildə hakimiyyətə gələndə ilk növbədə əmək qəhrəmanları ilə görüşdü. Bizim fikirlərimizi öyrəndi, dəyərli tövsiyələr verdi. Həmin unudulmaz görüşü bu gün də xatırlayıram. Sonradan Ulu Öndərin Ağdam rayonuna səfərləri zamanı mənə onunla bir neçə dəfə görüşmək imkanı nəsib olub. Heydər Əliyev zəhmət adamlarını çox sevirdi. Bizimlə görüşüb söhbətləşər, fikirlərini bölüşər, rayonun problemləri ilə maraqlanardı. O vaxt ferma müdiri işləyirdim, mənə səmimiyyətlə “Geroy” deyərdi. Bu dahi şəxsiyyətlə hər görüşüm həyatımın ən xoş anları kimi hər zaman xatirimdə qalacaq”.
Vaxtilə Heydər Əliyevlə görüşlərdə iştirak etmiş Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Şamama Əliyeva da Ulu Öndərlə bağlı xatirələrindən söz açır: “Ötən əsrin 60-cı illərinin sonlarında hakimiyyətə gələn Heydər Əliyev tez-tez bölgələrə gedir, yerlərdə əmək adamları ilə görüşürdü. Hər görüşündə camaatın yaşayışı, vəziyyəti ilə maraqlanırdı. Mənim də qabaqcıl bir zəhmət adamı kimi Ulu Öndərlə çoxsaylı görüşlərim olub. O görüşlərin hamısı yaxşı yadımdadır və həyatımın ən qiymətli, dəyərli xatirələridir”.
Ümummilli lider jurnalistlərin də dostu idi. Mətbuat, söz azadlığı ilə bağlı dövlət siyasətini şərh edərək deyirdi: “Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin qorunub inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin imkanlarından ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik islahatların həyata keçirilməsi, Azərbaycan dilinin inkişafı sahəsində düzgün istifadə edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir”. Doğrudan da, Heydər Əliyev mətbuatımızın yeni dəyərlərlə zənginləşməsində, fikir və söz azadlığının bərqərar olmasında misilsiz xidmətlər göstərib.
Növbəti müsahibimiz, “Vətən səsi” qəzetinin baş redaktorunun müavini Nəsib Qaramanlı Ulu Öndərin Azərbaycan KİV-lərinin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açaraq deyir: “Azərbaycanda demokratik mühitin və peşəkar mətbuatın formalaşması xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindəndir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həyatın bütün sahələrində olduğu kimi, milli mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoydu. Tarixi şəxsiyyət Heydər Əliyev senzuranı aradan qaldırdı, qəzetlərin nəşriyyata olan borclarını ləğv etdi, mətbuat azadlığı üçün hər cür şərait yaratdı. Sağlam düşüncəli hər bir jurnalist bunları indi də minnətdarlıqla xatırlayır. Ulu Öndər bizə demokratik, qüdrətli bir dövlət miras qoyub. Ümummilli Lider azərbaycanlı olması ilə fəxr etdiyi kimi, biz də Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın vətəndaşı olmaqdan qürur duyuruq”.
İnsanların Fəxri xiyabana axını davam edir. Ziyarətçilər buraya sonsuz qürur hissi və sarsılmaz inamla gəlirlər. Onlar fəxr edirlər ki, Azərbaycanın qazandığı nailiyyətlər dünyanın diqqət mərkəzindədir, Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin daxili və xarici siyasəti sayəsində müstəqilliyimiz daha da möhkəmlənir, ölkəmizdə ictimai-siyasi sabitlik qətiyyətlə qorunur, iqtisadiyyatımız dinamik inkişaf edir.
Fəxri xiyabanda yaşanan izdihamı seyr etdikcə düşünürsən ki, Heydər Əliyev itkisi yalnız cismanidir. Mənən isə Ulu Öndər yenə də xalqı ilə birlikdədir və onun parlaq ideyaları gələcəyə gedən yollarımızı işıqlandırır.