FHN Dövlət Yanğın Nəzarəti Xidməti Şuşada yanğın təhlükəsizliynə dair maarifləndirmə tədbiri keçirib
Bakı, 23 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Şuşada istismara verilən “Xarıbülbül” otelində, “Bravo” ticarət mərkəzində və “SOCAR” yanacaqdoldurma köşkündə yanğın təhlükəsizliyi qaydaları ilə bağlı növbəti maarifləndirmə tədbirləri keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasının və bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrinin zəruriliyi vurğulanıb.
Eyni zamanda, binaların, eləcə də binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib. Əməkdaşlarla yanğın zamanı zəruri hərəkətlər və insanların təhlükəsizliyinin təmin edilməsi, yanğın texnikasının və rabitə vasitələrinin saxlanılması, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələblərinə ciddi əməl olunması barədə ətraflı söhbət aparılıb.
Tədbirlərdə, həmçinin ilkin yanğınsöndürmə avadanlıq və vasitələrindən istifadə qaydaları izah olunub, suallar cavablandırılıb.