FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir
Bakı, 10 yanvar, AZƏRTAC
Yanvarın 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Yasamal rayonundakı 31 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
AZƏRTAC Nazirliyin saytına istinadla xəbər verir ki, tədbirdə FHN-in Bakı Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin əməkdaşları iştirak ediblər.
Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112 - “qaynar xətti”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzularında çıxışlar edilib, videoçarxlar nümayiş olunub.