FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Bakı Olimpiya Stadionunun yaxınlığında təlim keçirib
Bakı, 29 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən SOCAR-a məxsus “Çənlər Parkı”nın ərazisində təlim keçirib.
AZƏRTAC xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov jurnalistlərə açıqlamasında təlimin Xidmətin illik təbdirlər planına əsasən həyata keçirildiyini bildirib.
Qeyd edib ki, təlimin mövzusu “Çənlər parkı”nda baş vermiş şərti yanğının yüksək saylı çağırışla söndürülməsidir. Təlimdə əsas məqsəd obyektin xüsusiyyətlərinin şəxsi heyətə daha dərindən öyrədilməsi, şəxsi heyətin peşə və fiziki-döyüş hazırlığının artırılması, eyni zamanda, yanğın zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi, müəssisə rəhbərliyi ilə yanğınsöndürmə rəhbərliyi arasında yanğın zamanı qarşılıqlı əlaqələrin müəyyənləşdirilməsidir.
General-mayor Füzuli Əsədov qeyd edib ki, təlimə xidmətin Bakı qarnizonunun 20-dən artıq texnikası, 70-dək şəxsi heyəti cəlb olunub: “Çənlər park”ında baş verən şərti yanğın söndürülüb. Təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub. Təlimlər təkcə Bakıda deyıl, respublikanın digər şəhər və rayonlarında strateji əhəmiyyət kəsb edən, eyni zamanda, insanların çox toplaşdığı obyektlərdə mütəmadi olaraq keçirilib. Bugünkü təlim əməkdaşlarımız tərəfindən müxtəlif istiqamətlərdən videolentə alınıb. Yaxın günlərdə Xidmətin aparatında təlimin gedişi, eyni zamanda, obyektdə yanğına qarşı vəziyyət öyrəniləcək, nöqsanların aradan qaldırılması üçün mövcud tədbirlər görüləcək”.