FHN-in Şimal-Qərb Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
Bakı, 6 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzində “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlər” kateqoriyası üzrə mərkəzin dislokasiya ərazisini əhatə edən rayonların təhsil müəssisələrindəki gənclərin çağırışaqədərki hazırlığı üzrə hərbi rəhbərləri ilə mülki müdafiə kursları keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “2020-ci il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planı”na əsasən martın 2-dən 6-dək “Rəhbər heyətin mülki müdafiə və fövqəladə hadisələrdən mühafizəsi üsullarının hazırlanması” proqramı əsasında keçirilən kurslarda baş vermiş və ya baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları, fövqəladə hadisə zamanı davranış qaydaları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı məlumatlar verilib, həmçinin xilasetmə alət və avadanlıqlardan istifadə qaydası əyani şəkildə izah edilib.
Kursların sonunda proqramı müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə müvafiq şəhadətnamələr təqdim olunub.