FHN: Ötən sutka altı nəfər xilas edilib
Bakı, 19 avqust, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 103 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 5 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib.
Sutka ərzində 6 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib. Həmçinin Yasamal rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı Stepanova Asya Konstantinovnanın meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.