FHN: Ötən sutka ərzində 89 halda yanğına çıxış əməliyyatı həyata keçirilib
Bakı, 23 avqust, AZƏRTAC
Ötən sutka Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 89 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 12 halda qəza-xilasetmə əməliyyatı həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutka ərzində 14 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb. Lənkəran şəhərinin Nərimanabad qəsəbəsində su kanalında batan 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin Sumqayıtda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1953-cü il təvəllüdlü Piriyev Əliqiyas Qiyas oğlunun meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.