Fidan Hacıyeva: Mötəbər tədbirlərdə Azərbaycan adından çıxış etmək mənim üçün fəxrdir
Xalq artisti Fidan Hacıyeva üçüncü dəfə Minsk Böyük Teatrının səhnəsində çıxış edib
Bakı, 24 dekabr, AZƏRTAC
Belarusun paytaxtı Minskdə IX Beynəlxalq Opera Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, dünyanın tanınmış opera ulduzlarının çıxış etdiyi forumda Azərbaycanı Xalq artisti Fidan Hacıyeva təmsil edib.
Forum çərçivəsində opera müğənnilərinin Minsk Böyük Teatrının səhnəsində konsertləri baş tutub.
Fidan Hacıyeva deyib ki, bu forumda ölkəmizi təmsil etmək və bu mötəbər səhnədə çıxış etmək onun üçün çox qürurvericidir: “Konsertdən sonra teatrın rəhbərliyi, konsertin dirijoru, solistlər gözəl çıxışa görə məni təbrik etdilər. Bu mənim Minsk Böyük Teatrında artıq üçüncü çıxışım idi. Bu teatr səhnəsində "Karmen" operasını da oynamışam. Mötəbər tədbirlərdə, eləcə də səhnələrdə Azərbaycan adından çıxış etmək mənim üçün fəxrdir”.