Fikrət Əmirovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
Bakı, 22 noyabr, AZƏRTAC
Bu gün görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun anadan olmasının 100-cü ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə tanınmış mədəniyyət xadimləri və Azərbaycan Bəstəkarlar İttifaqının, Bakı Musiqi Akademiyasının əməkdaşları Fəxri xiyabana gələrək Fikrət Əmirovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev sənətkarın ömür yolundan və yaradıcılığından danışıb. Bildirib ki, bəstəkar musiqinin bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsi milli üslubda professional musiqi əsərləri yaratmaqdır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan Fikrət Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaratdı. Dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. Bəstəkarın bu janrda ilk əsəri 1949-cu ildə yazdığı “Şur” simfonik muğamıdır. Sonralar o, bu janrda “Kürd-ovşarı” və “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamlarını da yaratdı. Bu əsərlər Fikrət Əmirov yaradıcılığının xüsusi mərhələsidir. O, şifahi ənənəli klassik musiqi janrı olan muğam dəsgahlarına müraciət edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirib, orkestr boyalarının əlvanlığına nail olub. Fikrət Əmirovun bəstələri əbədiyaşardı və bu əsərlər daim onu yaşadacaq. Bu gün Fikrət Əmirovun əsərləri dünyanın demək olar ki, hər yerində səslənir.
Bəstəkarın yaradıcılığının həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini deyən Vaqif Əliyev qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki mərhələsində bəstəkarın yaradıcılığına diqqət və qayğı göstərib. Prezident İlham Əliyevin Fikrət Əmirovun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı Sərəncam da sənətkarın zəngin irsinə dövlət qayğısının davam etdiyini göstərir. Dövlət başçısının Sərəncamına əsasən, dahi musiqiçinin yubileyi ölkəmizdə və xaricdə təntənəli şəkildə qeyd olunur. Bəstəkarın 100 illiyinin UNESCO-da qeyd olunması isə təkcə Fikrət Əmirov irsinə deyil, bütövlükdə Azərbaycan mədəniyyətinə olan diqqət və marağın bariz göstəricisidir: “Azərbaycan musiqi mədəniyyətinə parlaq nümunələr bəxş etmiş bəstəkarın zəngin irsi yeni nəsil bəstəkarlar üçün bir örnəkdir. Fikrət Əmirovun xatirəsi qəlbimizdə əbədi yaşayacaq”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə deyib ki, Fikrət Əmirov, Üzeyir Hacıbəyli, Qara Qarayev üçlüyünün nümayəndəsidir. Fikrət Əmirovun simfonik əsərləri dünyanın dahi dirijorların repertuarında səsləndirilib. Bu gün də bəstəkarın simfonik muğamları dünya simfoniyasının ən gözəl nümunələri kimi daim ifaçıların diqqətini cəlb edir. Bu əsərlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında xüsusi əhəmiyyət kəsb edir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli diqqətə çatdırıb ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun anadan olmasının 100 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə və ölkə hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunur. Diqqətə çatdırıb ki, Fikrət Əmirovun simfonik muğamları dahi dirijorların idarə etdiyi böyük orkestrlər tərəfindən səslənib.