REGİONLAR
Fındıqçılıq üzrə Texniki Sertifikat Proqramının iştirakçıları Zaqatala rayonuna səfər ediblər
Gəncə, 15 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Özəl Sektorun İnkişafı Layihəsi (PSA) çərçivəsində Fındıqçılıq üzrə Texniki Sertifikat Proqramının (TCP) təlimləri davam edir. Layihə “Ferrero” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində reallaşır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti təlim noyabrın 13-14 tarixlərində Zaqatala rayonunda təşkil olunub.
Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AFİİA) təlim otağında aqronomluq ixtisasının tələbələrinə müxtəlif mövzularda təlim keçirilib.
Sonra iştirakçılar fındıq bağının salınması, tinglərin idarə edilməsi, sortların seçilməsi, tozlandırma, tinglərin qəbulu və əkilməsi proseslərini yaxında görmək üçün fındıq bağlarına baş çəkiblər.
Eyni zamanda, tələbələr Fındıq Emalı Zavodunda fındığın istehsal prosesləri, çeşidlənməsi və xarici bazara satışa çıxarılması ilə bağlı məlumatlar da əldə ediblər.