İDMAN
Finlandiyada azərbaycanlı idmançılar səmti müəyyən etmə üzrə dünya çempionatı çərçivəsində iclasda iştirak etmişlər
![Finlandiyada azərbaycanlı idmançılar səmti müəyyən etmə üzrə dünya çempionatı çərçivəsində iclasda iştirak etmişlər](/files/2013/2/1200x630/14071446974969227996_1200x630.jpg)
Bakı, 5 iyul (AZƏRTAC). Finlandiyanın Vuokatti şəhərində səmti müəyyən etmə idman növü üzrə keçirilən dünya çempionatı çərçivəsində idman xəritələri ilə iş, nəzarət məntəqələrinin məsafədə quraşdırılması üzrə nəzəri məşğələlər, müxtəlif parametrli məsafələrdə praktik məşqlər və seminar keçirilmişdir.
Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, seminar çərçivəsində dünyanın 74 ölkəsindən olan komandalarının iclası da keçirilmişdir. İclasda komanda nümayəndələri səmti müəyyən etmə idman növünün öz ölkələrindəki inkişaf səviyyəsindən və gələcək perspektivləri barədə ətraflı məlumat vermişlər.
Tədbirdə Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının (ARSMEİF) prezidenti Mirəli Kazımov və Azərbaycan milli yığmasının baş məşqçisi Nizami Mursakulov iştirak etmişlər.
İclasda çıxış edən Mirəli Kazımov Azərbaycan hökumətinin böyük dəstəyi və diqqəti sayəsində bu idman növünün ölkəmizdə surətlə inkişaf etdiyini, ARSMEİF-nın bu idman növü üzrə yarışların hazırlanması və keçirilməsi üçün gənc kadrların, milli hakimlərin və məsafə quraşdırılması üzrə mütəxəssislərin hazırlanmasına böyük diqqət ayırdığını bildirmişdir. Bildirilmişdir ki, bu məqsədlə ölkəmizə xarici mütəxəssislər dəvət olunur, müxtəlif treninq, seminar və praktik məşğələlər keçirilir.
Qeyd edək ki, Beynəlxalq Səmti Müəyyən Etmə Federasiyasının təşkilatçılığı ilə iyulun 6-dan 14-dək Finlandiyanın Vuokatti şəhərində səmti müəyyən etmə idman növü üzrə Dünya Çempionatı keçiriləcəkdir. Ölkəmiz müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bu Çempionatda təmsil olunur. Milli yığmamızın tərkibinə 4 idmançı: Mirəli Kazımov, Faiq Bağırov, Yana Maşkova və Natalya Əliyeva daxildir.