MƏDƏNİYYƏT
Firəngiz Qurbanova “Nursaçan mələk” XI Beynəlxalq xeyriyyə kinofestivalının animasiya kinosu üzrə münsiflər heyətinə başçılıq edib
Moskvada “Nursaçan mələk” XI Beynəlxalq xeyriyyə kinofestivalı başa çatıb. Festivalın animasiya kinosu üzrə münsiflər heyətinə məşhur Azərbaycan rejissoru Firəngiz Qurbanova sədrlik edib.
F.Qurbanova AZƏRTAC-a verdiyi eksklüziv müsahibədə bildirib ki, layihə Rus Pravoslav Kilsəsinin Tədris Komitəsinin köməyi və dəstəyi ilə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Moskva hökuməti, Sosial-Mədəni Təşəbbüslər Fondu, Təhsil proqramlarının və dövlət-konfessiya münasibətlərinin ekspertizası institutu tərəfindən həyata keçirilib.
Kinofestivalın mənəvi hamisi Moskvanın və bütün Rusiyanın patriarxı Kiril, təşkilat komitəsinin sədri Svetlana Medvedevadır.
Bu il kinofestivalın müsabiqə proqramında iştirak etmək üçün 26 ölkədən 368 tammetrajlı, qısametrajlı oyun, sənədli və animasiya filmi təqdim olunub. Bunlardan 83-ü müsabiqə proqramına, 61-i isə müsabiqədənkənar proqrama daxil edilib. Retrospektiv nümayiş üçün 44 film seçilib.
Kinofestival məşhur rejissor və aktyor Sergey Nikonenkonun V.Şukşinin hekayələri əsasında çəkdiyi “Həyat eşqi” adlı yeni filmi ilə açılıb. Filmdə Sergey Nikonenko, Valeri Barinov, Nina Usatova, Stanislav Lyubşin çəkiliblər.
Ülvi məhəbbət əhvalatı - rejissor Aleksandr Kottun “Sınaq” adlı filmi bir çox nüfuzlu kinobaxışları fəth edib və indi “Nursaçan mələk” festivalının əsas mükafatına layiq görülüb.
Qısametrajlı kino nominasiyasında Marina Miqunovanın “Saat” filmi ən yaxşı film adını qazanıb. Burada gənc qadın işə tələsərkən təsadüfən maşınla vurduğu uşağın valideynlərini tapmağa çalışır.
Sənədli filmlər arasında ən yaxşı film Valeri Timoşşenkonun “Təmiz qələbə. Sevastopol uğrunda döyüş” filmi olub. Filmdə qəhrəman əsgər Georgi Savenkov 1944-cü il mayın 9-da əfsanəvi dəniz qalasının alınması barədə indiyədək məlum olmayan faktlardan bəhs edir.
Bu il ən yaxşı animasiya filmi adı uğrunda 30 iddiaçı mübarizə aparıb. Nəticədə Aleksandra Averyanovanın “Boz rəngin çalarları” adlı multiplikasiya filmi qələbə qazanıb. Bu film Peterburqa, onun sehirli küçələrinə və əlbəttə, insanlarına olan məhəbbəti əks etdirir.
Festivalın demək olar ki, bütün filmləri ailəvi baxış üçün nəzərdə tutulub. Kinofestivalın bağlanışı mərasimində Rusiya Federasiyasının baş nazirinin xanımı Svetlana Medvedeva və patriarx Kiril xeyirxah kinonun kütləvi tamaşaçıya çatmasına kömək göstərməsinin vacibliyindən danışıblar.