Fitosanitar müfəttişlərə FAO-nun sertifikatı təqdim olunub
Bakı, 1 iyun, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində mayın 29-da təşkil olunan “Bitki və bitkiçilik məhsullarının idxalının yoxlanması üzrə Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsinin müfəttişləri üçün təlim” başa çatıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi, layihənin milli koordinatoru Camal Quliyev təlimdə iştirak edən fitosanitar müfəttişlərə uğurlar arzulayaraq deyib: “İdxal edilən karantin nəzarətində olan mikroorqanizmlər üzərində fitosanitar nəzarətin təmin olunması çətin və məsuliyyətlidir. Respublikamızın bitki örtüyünün zərərli orqanizmlərdən qorunması üçün daha məsuliyyətlə çalışmaq lazımdır. İnanıram ki, fitosanitar müfəttişlər bundan sonrakı fəaliyyətlərində daha məsuliyyətli olacaq, respublikamıza idxal olunan məhsulların beynəlxalq fitosanitar tələblərə uyğun olmasını diqqətdə saxlayaraq, ölkəmizin zəngin bitki örtüyünün qorunmasına öz töhfələrini verəcəklər”.
Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov da tədbirin əhəmiyyəti barədə danışıb və iştirakçılara uğurlar arzulayıb.
Təlimin sonunda Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev, Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov və FAO-nun beynəlxalq məsləhətçisi Rinqols Arnitis tərəfindən təlimin iştirakçılarına FAO-nun sertifikatları təqdim edilib.