Florida ştatı Prezident Co Baydeni məhkəməyə verib
Vaşinqton, 29 oktyabr, AZƏRTAC
Florida ştatı Prezident Co Baydenin administrasiyasına qarşı iddia qaldırıb. Buna səbəb vətəndaşların bəzi kateqoriyaları üçün koronavirusdan məcburi vaksinasiya barədə tələblər tətbiq edilməsidir.
AZƏRTAC xəbər verir ki, bunu ştatın qubernatoru, respublikaçı Ron Desantis elan edib.
Qubernator və Florida ştatının baş prokuroru həm də NASA-ya, bu qurumun direktoru Bill Nelsona, bir sıra başqa idarələrə və prezident administrasiyasının rəhbərlərinə qarşı iddia qaldırıblar. Ştatın hakimiyyət orqanları federal hökumətin əməkdaşları və onun podratçıları üçün COVID-19-a qarşı vaksinasiya mandatlarının tətbiq edilməsi barədə tələbləri qeyri-qanuni hesab edirlər. Qubernator bildirib ki, iddiaya məhkəmədə baxılması perspektivləri kifayət qədər ümidvericidir. O, bir sıra başqa ştatlarda da belə iddialar qaldırılacağını istisna etməyib. ABŞ federal hökumətinin bütün podratçıları üçün COVID-19-a qarşı vaksinasiya tələb edən sərəncam Bayden tərəfindən sentyabrın əvvəlində imzalanıb və bu il dekabrın 8-də qüvvəyə minəcəkdir.
Amerika KİV-də yayılan məlumata görə, Baydenin dövlət başçısı vəzifəsində olduğu ilk 9 ay ərzində onun reytinqi İkinci Dünya müharibəsi dövründən bəri ABŞ-ın bütün başqa prezidentləri ilə müqayisədə daha güclü şəkildə aşağı düşüb. Amerika sakinləri arasında Baydenin populyarlığı 56 faizdən 44,7 faizə enib. Amerikalıların fikrincə, bu, ABŞ qoşunlarının Əfqanıstandan xaotik şəkildə çıxarılması və pandemiyaya qarşı səmərəli mübarizə aparıla bilməməsi ilə bağlıdır.
AZƏRTAC-ın Vaşinqton bürosu