CƏMİYYƏT
Fotoqraflar səhhətlərinə diqqət çəkdilər
Bakı, 18 oktyabr, AZƏRTAC
“Gilavar Foto Klubu” İctimai Birliyi Cənubi Qafqazın ən böyük klinikası - TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika ilə birgə fotoqraflar üçün sosial layihə həyata keçirib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, “Səhhətə diqqət çək” adlı layihə çərçivəsində fotoqraflar Yeni Klinikada tətbiq olunan icbari tibbi sığorta sisteminin xidmətlər zərfi çərçivəsində tam ödənişsiz tibbi müayinə olunub və peşəkar həkimlərin məsləhətindən yararlanıblar.
Məqsəd - çətin, məsuliyyətli, stresli və təhlükəli sahələrdən birində çalışan fotoqrafları səhhətlərinə vaxtında, mütəmadi və lazımi qədər diqqət ayırmasına təşviq etməkdir.
Birliyin sədri Rəşad Mehdiyev bildirib ki, hazırda istər müxtəlif media qurumlarında, istərsə də fərdi şəkildə fəaliyyət göstərən bir çox fotoqraflar bir çox hallarda isə fasiləsiz və istirahətsiz olaraq gərgin çalışırlar. Nəticədə isə özlərinin də xəbəri olmadan səhhətlərində problemlər yaranır, müxtəlif xəstəliklər “qazanırlar”. Birlik olaraq bu məqamları nəzərə alaraq klubumuzun üzvlərinin və fotoqrafların ilkin müayinəsi ilə bağlı sosial layihə həyata keçirməyi qərara aldıq. Təklifimizi Yeni Klinika tibb müəssisəsinin rəhbərliyə bildirdik və bizim bu təklifimiz müsbət dəyərləndirildi. Bir neçə gün ərzində klinikada 30-dan artıq fotoqraf müxtəlif müayinələrdən keçib, şikayətləri ilə bağlı həkim məsləhətləri alıblar.
Qeyd edək ki, Azərbaycanda foto sənətinin inkişafına töhfə verən “Gilavar Foto Klubu” İctimai Birliyi 2017-ci il dekabr ayının 1-də təsis edilib, 2022-ci il yanvarın 17-də dövlət qeydiyyatına alınıb.