Fövqəladə hallarda davranış qaydaları barədə əhali maarifləndirilir
Bakı, 18 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonunun N.Qasımov adına Cığatelli, M.Əlibəyov adına Xırxatala, Oğuz rayonunun Xaçmazqışlaq və Ə.Abdulhüseyinov adına Sincan kənd tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Quba şəhəri 2 nömrəli tam orta məktəbdə, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayon Xəsili kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Biləsuvar rayonunun Əliabad kənd tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Qazax şəhərinin 1 nömrəli uşaq musiqi məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Peşə Liseyində, Bakı Regional Mərkəzi tərəfindən Sabunçu rayonunun 96 nömrəli tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Kürdəmir şəhər 1 nömrəli və Zərdab rayon Körpükənd tam orta məktəblərində maarifləndirmə tədbirləri təşkil olunub.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib. FHN-in 112 - qaynar telefon xəttinin təyinatı izah olunub, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Sonda interaktiv formada keçirilən tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.