FRANSA AZƏRBAYCAN İLƏ ENERJİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞIN DAVAM ETDİRİLMƏSİNDƏ MARAQLIDIR
AZƏRTAC xəbər verir ki, iyulun 23-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti R.Abdullayev Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri Qabriel Keller ilə görüşmüşdür.
ARDNŞ-in Azərbaycan iqtisadiyyatının inkişafında, habelə Fransa-Azərbaycan əlaqələrinin möhkəmlənməsində böyük rol oynadığını bildirən ötən ay Fransanın “Total” şirkəti ilə “Abşeron” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin əsas kommersiya prinsipləri və müddəaları haqqında müqavilənin imzalandığını xatırladan Q.Keller, hasilatın pay bölgüsü sazişinin də tezliklə imzalanacağına və birgə aparılacaq işlərin uğurla nəticələnəcəyinə ümidvar olduğunu bildirmişdir.
Son illər Azərbaycan iqtisadiyyatında gedən müsbət proseslərdən, xüsusən neft-qaz sənayesində müşahidə olunan sürətli inkişafdan söz açan R.Abdullayev, transmilli şirkətlərlə birgə həyata keçirilən layihələrdən, o cümlədən “Total” ilə ARDNŞ arasında yaranmış əməkdaşlıq münasibətlərindən ətraflı danışmışdır. Azərbaycanın enerji nəqlinin şaxələndirilməsinə böyük önəm verdiyini qeyd edən ARDNŞ prezidenti, ölkə rəhbərliyi tərəfindən enerji resurslarının dünya bazarlarına çıxışının alternativliyini təmin etmək üçün ciddi addımların atıldığını söyləmişdir.
Azərbaycanın çox vacib tranzit ölkə olduğunu qeyd edən R. Abdullayev, Mərkəzi Asiyada hasil olunan neftin və qazın Azərbaycan ərazisindən şəffaf tariflərlə nəql edilməsinin mümkünlüyünü bildirmişdir. Azərbaycanın bunun üçün öz infrastrukturunu təkmilləşdirdiyini söyləyən ARDNŞ prezidenti, səfirə ölkədə reallaşdırılan enerji layihələri barədə məlumat vermişdir. O, “Abşeron” bloku üzrə hasilatın pay bölgüsü sazişinin imzalanması üçün zəruri işlərin görüldüyünü, “Şahdəniz” yatağının işlənməsinin II fazasının marketinq işlərinin davam etdiyini vurğulamışdır.
Fransa ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin qurulduğunu vurğulayan ARDNŞ prezidenti, yeni səfirin fəaliyyəti dövründə bu əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini ifadə etmişdir.