Fransada həmkarlar təşkilatları yeni ümumi tətil və nümayişə çağırış edib
Paris, 7 fevral, AZƏRTAC
Fransada CGT, FO, Həmrəylik, FSU kimi həmkarlar və gənclər təşkilatları pensiya islahatlarına qarşı fevralın 20-də yenidən ümumi tətil və nümayişə çağırıblar.
AZƏRTAC xəbər verir ki, Fransada müxtəlif peşə sahibləri 2 aydan çoxdur tətil və nümayiş edirlər. Pensiya islahatı layihəsinə etiraz olaraq hər gün ölkənin müxtəlif şəhərlərində, eləcə də paytaxt Parisdə nümayişlər keçirilir.
Daxili İşlər Nazirliyi bildirib ki, fevralın 6-da 15 mini Parisdə olmaqla ölkədə 121 min insan nümayişə çıxıb. Həmkarlar təşkilatı isə 130 min nümayişçi olduğunu iddia edir.
Unsa-RATP nəqliyyat sistemi həmkarlar təşkilatı pensiya islahatı layihəsinin Milli Assambleyada müzakirəsi gününü - fevralın 17-ni “qara birinci gün” elan edərək bütün nəqliyyat sistemi işçilərini tətilə çağırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris