Fransanın Milli Müdafiə Tədqiqatları İnstitutu və AQSİA-nın nümayəndələri arasında görüş keçirilib
Bakı, 25 aprel, AZƏRTAC
Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşəbbüsü ilə ölkəmizdə səfərdə olan Fransanın Milli Müdafiə Tədqiqatları İnstitutunun hüquq müdafiəçisi xanım Claudette Eleini ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) nümayəndələri arasında görüş keçirilib.
AQSİA-dan AZƏRTAC-a bildirilib ki, assosiasiyanın idarə heyətinin sədri Səkinə Babayeva və beynəlxalq əlaqələr komissiyasının rəhbəri Günel Məmmədhəsənova qonağa assosiasiya haqqında ətraflı məlumat veriblər. Assosiasiyanın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
C.Eleini hazırkı fəaliyyəti, qadın sahibkarlığı ilə bağlı maraq dairəsində olan mövzular haqqında və Azərbaycanda qadınların iqtisadi baxımdan hansı göstəricilərə malik olması ilə maraqlandığını, bunun üçün qadınların iqtisadi asılılığını necə aradan qaldırılması mövzusunda maraqlı olduğunu bildirib.
S.Babayeva isə, öz növbəsində, ilk olaraq Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Manselə assosiasiya adından minnətdarlığını bildirib. İki assosiasiyanın birgə fəaliyyətinin gələcəkdə çox böyük uğurlara nail olacağına əminliyini vurğulayıb.
O bildirib ki, dövlət tərəfindən qadın sahibkarlarına verilən dəstəyin və dəstək mexanizmlərinin vacibliyi assosiasiyanın fəaliyyətində də özünü büruzə verir, AQSİA-nın əsas məqsədlərindən biri öz biznesini qurmuş və qurmaq istəyən xanımların sosiallaşaraq cəmiyyətdə də daha güclü mövqeyə sahib olmasına dəstək olmaqdır.
Assosiasiyanın sədri S.Babayeva yaxın gələcəkdə Fransaya səfər edəcəklərini və orada qadın sahibkarlıqla bağlı olan bir çox məsələlərin öyrənilməsinə maraqlı olduqlarını bildirib.