FRANSIZ FİLYERİNİN AZƏRBAYCANDA 10 İLLİK FƏALİYYƏTİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyunun 5-də Azərbaycan Dillər Universitetində (ADU) fransız dilinin dərindən öyrənilməsi üçün yaradılan eksperimental qrupun - filyerin 10 illik yubileyinə həsr olunmuş simpozium keçirilmişdir. Fransanın tanınmış təhsil işçilərinin iştirak etdiyi konfransda universitetin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, professor Səməd Seyidov tədbirin əhəmiyyətini nəzərə çarpdırmışdır. Bildirilmişdir ki, 10 il bundan əvvəl ADU-nun fransız dili fakültəsi nəzdində Fransanın Mark Blok Universiteti ilə birgə eksperimental qrup - filyer açılmışdır. Burada dərslər Fransanın Mark Blok Universitetinin proqamları əsasında keçilir. Qrupda təhsilini uğurla başa vuran tələbələr Fransa Universitetində təcrübə keçmiş, tədqiqatla məşğul olmuşlar.
Qeyd olunmuşdur ki, Naxçıvan, Lənkəran və Gəncə Dövlət universitetlərində də filyer qrupu yaradılmış, tələbələr Mark Blok Universitetinin proqramları əsasında fransız dilini öyrənməyə başlamışlar.
Fransanın ölkəmizdəki səfirliyinin mədəniyyət müşaviri Valeri Lö Qalse Baron, Mark Blok Universitetinin professoru Jan Kristof Pella və başqaları çıxış edərək iki ölkə arasında təhsil əlaqələrinin əhəmiyyətindən, perspektivlərindən danışmışlar.
Fransız filyerinin yaradılmasında və inkişafında xidmətlərinə görə Mark Blok Universitetinin professoru Jan Kristof Pellaya ADU-nun fəxri doktoru diplomu təqdim edilmiş, bir qrup müəllimə fəxri fərmanlar verlimşdir.
Fransız dilinin tədrisi, dilçiliyin aktual problemləri, ədəbiyyat və tərcümə problemləri mövzularında müzakirəklər aparılmış, təkliflər verilmişdir.
######
