Frensis Bekonun rəsm əsəri oğurlandıqdan 9 il sonra tapılıb
Bakı, 29 may, AZƏRTAC
Fiqurativist-rəssam Frensis Bekon tərəfindən 1989-cu ildə yaradılan və təxminən 5 milyon avro dəyərində qiymətləndirilən “Xose Kapelonun portretinin etüdü” adlı rəsm əsəri ötən gün aşkarlanıb. İspaniya polisinin bildirdiyinə görə, bu, 2015-ci ildə oğurlanan və ümumi dəyəri 25 milyon avro olan beş rəsm əsərindən biridir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, oğurlanan beş əsərdən üçü 2017-ci ildə tapılıb. Polisin verdiyi açıqlamaya əsasən, istintaq başlayandan bəri soyğunçuluğu planlaşdırdığı və həyata keçirdiyi ehtimal edilən 16 şəxs həbs olunub. 2024-cü ilin fevralında İspaniyanın paytaxtında oğurlanmış sənət əsərlərini təhvil almaqda təqsirləndirilən iki nəfər tutulub. Polis Şərqi Avropadan mütəşəkkil qruplarla əlaqəli olan İspaniya vətəndaşları ilə bağlı araşdırmaları davam etdirdiyini bildirib.
Yerli mətbuata görə, rəsmlər F.Bekonun yaxın dostu Xose Kapelonun mənzilindən oğurlanıb, lakin polis bu iddiaya münasibət bildirməyib.
1992-ci ildə Madriddə vəfat edən Dublin əsilli Frensis Bekon XX əsrin ən məşhur rəssamlarından biri olub. Rəssam vəfat etdikdən bəri onun şan-şöhrəti ilə yanaşı, rəsm əsərləri bazarındakı işlərinin dəyəri də durmadan artmağa başlayıb.