Füzuli Beynəlxalq Hava Limanı – Qarabağın hava qapısı
Füzuli, 27 oktyabr, AZƏRTAC
Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportunda həm xarici, həm də daxili reyslərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, ən müasir səviyyədə inşa olunan Füzuli Beynəlxalq Hava Limanının istənilən təyyarəni qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Müasir infrastrukturla təchiz olunan terminal saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava Hərəkətini İdarəetmə qülləsində avtomatlaşdırılmış sistemlər quraşdırılıb. Bu da Füzuli Aeroportunun ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsini mümkün edir. Burada sərnişinlərin rahatlığı üçün bütün şərait yaradılıb.
Xatırladaq ki, oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışını ediblər. Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Türkiyədən birbaşa Füzuliyə uçub. Beləliklə, Türkiyə Prezidenti Füzuli Beynəlxalq Hava Limanına eniş edən ilk dövlət başçısı olub.
Füzuli Aeroportu Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionuna daxil olan rayonların investisiya imkanlarını da artırır. Bu hava limanı dünya tarixində minalanmış ərazidə qısa müddət ərzində - cəmi 8 ayda tikilən ilk aeroportdur. Buradan Şuşaya Zəfər yolu uzanır. Həmçinin Füzuliyə, Ağdama, Cəbrayıla, Zəngilana, Qubadlıya gedən qonaqlar da hava limanından istifadə edə biləcəklər.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsindəki tarixi qələbədən dərhal sonra Qarabağda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Füzulidən Şuşaya uzanan Zəfər yolunun tikintisi başa çatmaq üzrədir. Bölgədə düşmənin basdırdığı çoxsaylı minaların təmizlənəsi ilə paralel olaraq, bir sıra mühüm infrastruktur obyektləri istifadəyə verilib, bir çoxunun təməlləri atılıb, tarixi və dini abidələrin restavrasiyasına başlanılıb. Həmçinin Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin bərpasına start verilib. Digər rayonlarımızda da sürətli tikinti işləri həyata keçirilir. Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, işğaldan azad edilən bölgələrin bu cür sürətlə inkişaf etdirilməsi hər siyasətçinin işi deyil.
Azad olunan torpaqlarımızda yaradılan infrastrukturun əsas tərkib hissələrindən biri də Füzuli Beynəlxalq Hava Limanıdır. Təməli bu il yanvarın 14-də qoyulan Füzuli Aeroportuna ilk sınaq uçuşu sentyabrın 5-də həyata keçirilib. AZAL-ın ən böyük sərnişin təyyarəsi - “Airbus A340-500” buraya eniş edib. “Silk Way” aviaşirkətinin “Boeing 747-400” tipli təyyarəsi isə bu hava limanı vasitəsilə Qarabağa ilk dəfə yüklər çatdırıb.
Beləliklə, ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımıza həyatın tezliklə qayıdacağından xəbər verir. Bu hava limanı, eyni zamanda işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, ümumilikdə, bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.