Füzuli Dram Teatrı “4.4 Qısa Tamaşalar Festivalı”nda çıxış edib
Füzuli, 29 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrı “4.4 Qısa Tamaşalar Festivalı”nda Abdulla Elşadlının "Tənhalığın evi" tamaşası ilə çıxış edib.
Dram Teatrından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, festival Mədəniyyət Nazirliyi və “Teatro.az” portalının təşkilatçılığı ilə keçirilib.
Füzuli Dövlət Dram Teatrının nümayiş etdirdiyi tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadə, rejissor köməkçisi Günel Hacıyevadır. Tamaşa bir neçə qocanın düşdüyü psixoloji durumdan və daxili sarsıntılardan bəhs edib. Onlar məhkum olduqları tənhalıqdan ağıllarını itiriblər və yeganə təsəllisi və həmdəmləri evlərində saxladıqları kuklalardır. Tamaşada rolları Sehran Xanlarov, Sevinc Məmmədova, Əli Hüseynov, Şəlalə Nəsirova, İntizar Quliyeva, Asif Şirinov, Qaçaq Qarayev, Emin Abışov, Elçin Məmmədov, Vüsal Həsənov, Vüqar Babayev, Zamin Quliyev və Gülgəz Soltanova ifa ediblər.