Füzuli rayonunda 10 mindən çox sakin kütləvi tibbi müayinədən yararlanıb
Füzuli, 30 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, fevralın 12-dən etibarən ölkəmizdə keçirilən əhalinin tibbi dispanserizasiyasına Füzuli rayonunun 39 yaşayış məntəqəsində yaşı 18-dən yuxarı olan 55 min 365 sakinin cəlb olunması nəzərdə tutulur. Artıq bu günədək 22 yaşayış məntəqəsinin sakinləri, 61 idarə və müəssisə kollektivi olmaqla, 10 min 22 nəfər tibbi müayinədən yararlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əhalinin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında, Horadiz şəhər, Əhmədbəyli kənd, Qayıdış qəsəbə xəstəxanalarında və Füzuli Tibb Mərkəzində aparılır. Bundan başqa, rayonun kəndlərində də əhalinin tibbi müayinəsini həyata keçirmək üçün yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları yaradılıb. Bu günədək tibbi müayinədən keçən vətəndaşlardan 3682 nəfəri ambulator, 57 nəfəri stasionar müalicəyə cəlb edilib, 8 nəfər ixtisaslaşmış tibb müəssisələrinə göndərilib, 34 nəfərin üzərində cərrahiyə əməliyyatı aparılıb.
Ölkəmizdə hər il keçirilən əhalinin kütləvi müayinəsi cəbhə bölgəsinin sakinləri tərəfindən razılıqla qarşılanır.