Füzuli rayonunda Vətən müharibəsi şəhidinin xatirəsinə bulaq tikilib
Bakı, 4 noyabr, AZƏRTAC
Vətən müharibəsində şəhid olan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların hərbi qulluqçusu çavuş Elşən Quluzadənin xatirəsinə Füzuli rayonunun Qarabağ kəndində bulaq tikilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimində nazirliyin nümayəndəsi, rayon icra hakimiyyətinin rəhbərliyi, rayon polis şöbəsinin əməkdaşları, Daxili Qoşunların hərbçiləri, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.
Əvvəlcə şəhidin xatirəsinə tikilən bulağın önünə gül-çiçək dəstələri qoyulub. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Şəhidin təltif olunduğu medallar ailə üzvlərinə təqdim edilib.
Daha sonra tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən danışıblar. Şəhid Elşən Quluzadənin döyüşlərdəki şücaətindən, şərəfli ömür yolundan söz açılıb. Qeyd olunub ki o, Cəbrayıl, Hadrut qəsəbəsi və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 13-də Füzuli istiqamətində gedən döyüşlər zamanı ağır yaralanaraq tibb müəssisəsinə yerləşdirilib və 2021-ci il yanvarın 21-də şəhid olub.
E.Quluzadə hələ sağlığında dövlət rəhbərimizin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları, ölümündən sonra isə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.