SİYASƏT
Füzulidə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir
Füzuli, 10 noyabr (AZƏRTAC). Horadiz şəhərində 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə mərasim iştirakçılarını təbrik etmiş, bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından danışılmışdır. Bildirilmişdir ki, respublikamızın hər yerində Dövlət Bayrağı Günü böyük təntənə ilə qeyd edilir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra başımızın üstündə dalğalanan üçrəngli bayraq milli suverenliyimizin simvolu kimi, ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir.
Qeyd olunmuşdur ki, ölkəmizin hər bir yerində olduğu kimi, Horadiz şəhərində də Bayraq Meydanı inşa edilir. 218 metr nisbi hündürlükdə - təpənin zirvəsində yaradılan bayrağın dirəyi 63 metr olacaqdır. Yeddi hektardan artıq ərazidə yaşıllıqlar salınmış, Bayraq Meydanına çıxmaq üçün pilləkənlər inşa edilmişdir.
Çıxışlarda əminliklə bildirilmişdir ki, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunacaq, üçrəngli bayrağımız işğal altındakı torpaqlarımızda da dalğalanacaqdır.
Tədbir rayon musiqiçilərinin ifasında konsert proqramı ilə başa çatmışdır.