G20 liderlərinin Bali adasında keçirilən sammiti bəyannamənin qəbulu ilə başa çatıb
Tokio, 17 noyabr, AZƏRTAC
İndoneziyanın Bali şəhərində keçirilən G20 sammiti noyabrın 16-da iştirakçı ölkələrin liderləri tərəfindən bəyannamənin qəbulu ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, sənəddə üzv ölkələrin əksəriyyətinin Ukraynadakı müharibəni kəskin şəkildə pislədiyi əksini tapıb. Bununla yanaşı, o da qeyd olunub ki, yaranmış vəziyyət və sanksiyalarla bağlı başqa fikirlər və müxtəlif qiymətləndirmələr də olub.
Sənədi bu sammitə ev sahibliyi edən İndoneziya hökuməti dərc edib.
Bəyannamədə vurğulanır ki, Ukraynadakı müharibə insanların ölçüyəgəlməz iztirablarına səbəb olub və qlobal iqtisadiyyatda mövcud problemləri daha da gücləndirib. Sənəddə Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməyən bir sıra ölkələrin mövqeyi də qeyd olunub.
Eyni zamanda, bəyannamədə Rusiyaya qarşı çıxan ölkələrin istəyi ilə qeyd edilib ki, nüvə silahından istifadə və ya istifadə hədəsi qəbuledilməzdir.
Sənəddə, həmçinin bildirilir ki, münaqişələrin sülh yolu ilə həlli, böhranların aradan qaldırılması üçün səylər, o cümlədən diplomatiya və dialoq həyati əhəmiyyət kəsb edir. Hazırda Ukraynada baş verənlər daha böyük müharibəyə çevrilməməlidir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio