GDU-da mediatur təşkil olunub
Gəncə, 22 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına ictimai baxış keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, mediaturda Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatı Pərvin Kərimzadə, media nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbə valideynləri iştirak ediblər.
Mediaturda əvvəlcə imtahan prosesinin təşkili və keçirilməsi qaydaları ilə bağlı ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, “2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər vaxtında görülüb, imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərini nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb, auditoriyalara müasir kameralar quraşdırılıb. İmtahanların keçirilməsinə dair təlimat hazırlanıb və Gəncə Dövlət Universitetinin rəsmi saytında (gdu.edu.az) yerləşdirilib. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərir.
Bildirilib ki, payız semestrinin imtahan sessiyasında “Ultra” şirkəti ilə bağlanmış müqaviləyə əsasən “EduMan Platforması”nın digər modulları – elektron jurnal, elektron İmtahan idarəetmə və digər sistemlər mərkəzləşdirilmiş formada tətbiq olunur. Universitetdə Test İmtahan Sisteminin işlənib hazırlanması üzrə texniki tapşırığa əsasən “Elektron İmtahan Sistemi” proqramında təhsil müəssisəsinin imtahan prosesində istifadə olunan sual bazası, test bazası, keçiriləcək imtahanların cədvəli və keçirilmiş imtahan üzrə məlumatlar saxlanılır.
Sonra mediatur iştirakçıları auditoriyalarda imtahanların gedişi, imtahan prosesini izləmək üçün xüsusi monitorlarla təchiz edilmiş müşahidə otağı ilə də tanış olublar.
Sonda mediatur iştirakçıları imtahanın gedişi və təşkili ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmək üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Tələbə valideynləri imtahanlarda obyektivliyin, şəffaflığın təmin olunmasına və imtahanların ədalətli şəkildə təşkilinə görə Gəncə Dövlət Universitetinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.