GDU-da “Zəfər kuboku” spartakiadası keçirilib
Gəncə, 6 noyabr, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 8 Noyabr - Zəfər Gününə həsr edilən “Zəfər kuboku” adlı spartakiada keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə GDU-da şəhidlərə həsr edilən xatirə guşəsi önünə gül dəstələri düzülüb.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən universitetin rektoru Yusif Yusibov 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən danışıb. Rektor bildirib ki, 8 Noyabr Zəfəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsinin, böyük sərkərdəlik məharətinin, Silahlı Qüvvələrin döyüş əzminin, əsgər və zabitlərimizin rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsidir. Bu möhtəşəm Qələbə, eyni zamanda, Prezident-Xalq birliyini nümayiş etdirib. Şəhidlərin əziz xatirəsinin heç zaman unudulmayacağını vurğulayan rektor qeyd edib ki, bu gün Azərbaycan xalqı Zəfər Gününü Qarabağda aparılan misilsiz bərpa-quruculuq işləri fonunda yüksək əhvali-ruhiyyə ilə qeyd edir.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov çıxışında spartakiadanın əhəmiyyətini vurğulayıb və gənc nəslin təlim-tərbiyəsində belə tədbirlərin rolundan söz açıb.
Şəhid Elşən Abdullayevin atası - universitetin Fizika kafedrasının müəllimi Sabir Abdullayev və şəhid Vidadi İsrafilovun atası Vaqif İsrafilov çıxış edərək gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynayan bu cür idman yarışlarının təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Tədbirin davamında ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlar olub. Bədii hissədə vətənpərvərliyə aid şeirlər söylənib, mahnılar oxunub.
Sonda qaliblərə fəxri fərman və kuboklar təqdim olunub.