GƏLƏCƏK MƏHSULUN ƏSASI
Respublikanın ən iri taxıl istehsalçısı olan Cəlilabad rayonunun bərəkətli tarlalarında payızlıq taxıl əkininin qızğın çağıdır. Muğan taxılçılarının xüsusi təsərrüfatları mülayim hava şəraitindən istifadə edərək, gələcək yüksək məhsulun əsasını qoyurlar. Proqnozlara görə, dənli bitkilərin əkin sahələri 20 faiz artacaq, taxıl istehsalı isə 160-170 min tonadək çoxalacaqdır.
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda “Aqrolizinq” ASC-nin yerli filialının anbarlarına Krasnodar diyarından 900 tondan artıq toxumluq buğda daxil olmuşdur. Bundan Cəlilabad toxumçuluq təsərrüfatlarının payına 290 ton düşür, qalanları isə Biləsuvar, Masallı, Yardımlı, Lənkəran, Lerik və regionun digər rayonlarının müəssisələri arasında paylaşdırılacaqdır.
Fermerlərin dediklərinə görə, dövlətin güzəştləri sayəsində onlar toxumluq materialı taxılın dəyərinin yarı qiymətinə alırlar. Məsələn, Krasnodar buğdasının bir kiloqramı onlara 29 qəpiyə başa gəlir, bu isə digər sortlardan xeyli ucuzdur. Üstəlik, məhsuldarlığına, zülalın miqdarına və başqa keyfiyyətlərinə görə Rusiya taxıl sortları digərlərindən xeyli üstündür.
Fermer Rüstəm Rüstəmov demişdir: “Mənim 35 hektarlıq torpaq sahəm var. Bu toxumları yüksək məhsul götürmək ümidi ilə almışam”.
Respublika Kənd Təsərrüfatı Nazirliyinin bitkiçiliq və emal şöbəsinin müdiri Sabir Vəliyevin dediyinə görə, ölkədə payızlıq arpa və buğda səpini sürətlə gedir, bununla yanaşı, toxumçuluq təsərrüfatlarının sahələri və sayı artmışdır. Yaxın illərdə respublika birinçi reproduksiya toxumları ilə özünü tamamilə təmin edəcəkdir.