Gələn il gömrük tariflərinin artımı gözlənilmir
Bakı, 7 noyabr (AZƏRTAC). Gömrük sahəsində hüquq-mühafizə orqanlarının fəaliyyətinin həyata keçirilməsinin vacibliyi nəzərə alınaraq üç il əvvəl MDB Gömrük Xidmətləri Rəhbərləri Şurasının hüquq mühafizə sahəsi üzrə komitəsinin yaradılması barədə qərar qəbul edilmişdir. Sevindirici haldır ki, komitənin X yubiley iclası Azərbaycanda keçirilmişdir. Burada MDB-nin üzvü olan 8 dövlətin təmsilçiləri, eyni zamanda Latviya və Estoniyadan müşahidəçi qismində gömrük mütəxəssisləri iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev demişdir.
A.Əliyev bildirmişdir ki, iclas çərçivəsində yaradılmış iqtisadi cinayətkarlığa qarşı komitənin əsasnaməsi qəbul olunduqdan sonra onun vəzifələri dəqiqləşəcəkdir.
DGK sədri demişdir ki, gələn il gömrük tariflərinin artımı gözlənilmir. Bakıda Gürcüstanın kənd təsərrüfatı naziri və gəlirlər xidmətinin rəhbərinin birinci müavini ilə keçirilmiş görüşdə də bu məsələ müzakirə olunmuş, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının idxalının daha da artırılması məsələsi müzakirə edilmişdir. Belə bir siyasət yeridilməsi hər iki ölkənin iqtisadiyyatının daha da artırılmasına xidmət edəcəkdir.
A.Əliyev əlavə etmişdir ki, cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın gömrük orqanları tərəfindən 1134,4 milyon manat həcmində gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülmüşdür. Ümumilikdə, 2013-cü il ərzində DGK-nin büdcə öhdəlikləri 1380 milyon manat həcmində proqnozlaşdırılır.
Komitə sədri daha sonra qeyd etmişdir ki, 2014-cü il üçün dövlət büdcəsinin layihəsi yaxın günlərdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaqdır. Gələn il gömrük orqanları tərəfindən büdcəyə bu ilkindən 130 milyon manat çox, yəni 1510 milyon manat həcmində vəsait transfer edilməsi proqnozlaşdırılır. Həmçinin Azərbaycana idxalın həcminin artacağı gözlənilir ki, bu da büdcə proqnozunun artıqlaması ilə yerinə yetirilməsinə gətirib çıxaracaqdır.