ELM VƏ TƏHSİL
Gənc alim və tədqiqatçıların V beynəlxalq konfransı öz işinə başlamışdır
Bakı, 14 noyabr (AZƏRTAC). Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademiyanın Geologiya İnstitutunun təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ARDNŞ vә bp şirkətinin dәstәyi ilә ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş “Fundamental və tətbiqi geologiya elmi gənc alimlərin gözü ilə: nailiyyətlər, perspektivlər, problemlər və onların həlli yolları” mövzusunda V beynəlxalq konfrans öz işinə başlamışdır.
AMEA-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Rusiya, Polşa, Ukrayna, Türkiyə, Gürcüstan, İran, Qazaxıstan, Özbəkistan və digər Avrasiya ölkələrinin təhsil və elm müəssisələrindən gənc alim və tədqiqatçılar iştirak edirlər.
Konfransda AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev əsas məqsədin geologiya sahəsində tədqiqatlar aparan gənc alimlərin beynəlxalq elm cəmiyyətinə inteqrasiyasının təmin olunması və müasir elmi yanaşmalara əsasən inkişaf etdirilməsi olduğunu söyləmişdir.
AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA‐nın müxbir üzvü Fəxrəddin Qədirov 14 ölkədən 50-ə yaxın, ümumilikdə 100-dən çox gənc alimin elmi nəticələri haqqında məruzə ilə çıxış edəcəyini qeyd etmişdir. Alim qəbul edilən qərarların yer elmlərinin inkişafında böyük əhəmiyyət daşıyacağını vurğulamışdır. O, konfransın Azərbaycanın modernləşməsində və texnoloji inkişafında fəal iştirak edən yeni nəsil tədqiqatçıların hazırlanması istiqamətində beynəlxalq əlaqələrin effektiv inkişafına təkan verəcəyindən söz açmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev elmin inkişafı üzrə strategiyanın əsas vəzifələrindən danışmışdır. Bu strategiyanın həyata keçirilməsi nəticəsində yaradılmış EİF-in gənc alim və mütəxəssislər üçün qrant müsabiqələrini təşkil etdiyini, xaricdə treninqlərdə iştirak etmələrinə şərait yaratdığını qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, ölkənin gələcək tərəqqisində iştirakını və məsuliyyətini yüksəltmək, həmçinin beynəlxalq aləmə inteqrasiyasını sürətləndirmək dövlətin qarşıya qoyduğu əsas prioritetlərdəndir.
Geologiya İnstitutunun Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov konfransın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, konfrans gənc alimlərin yer elmləri sahəsində apardıqları elmi tədqiqat təcrübələrinin artması baxımından mühüm əhəmiyyət kəsb edir. Konfransın alimlərimizin xarici həmkarları ilə birgə elmi tədqiqat və təcrübə mübadiləsi aparmalarına şərait yaratdığını vurğulamışdır.
Tədbirdə, həmçinin AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev və digərləri çıxış etmişlər.
Konfrans işini noyabrın 15-də yekunlaşdıracaqdır.