Gənc alimlərin problemləri və onların həlli yolları müzakirə olunmuşdur
Bakı, 14 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda akademiyanın Gənc Alimlər Şurasının növbəti iclası keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov rəhbərlik etdiyi nümayəndə heyətinin Vilnüs şəhərində Avropa Gənc Alimlər Şurasının (Eurodoc) Baş Assambleyasının illik yığıncağında iştirak etdiyini və həmin tədbirdə Azərbaycan Respublikasının Şuraya üzv qəbul olunduğunu söyləmişdir.
İ.Orucov “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması haqqında Prezident Sərəncamının əhəmiyyətindən danışmış, dövlət orqanları və gənclər təşkilatlarının nümayəndələrindən ibarət işçi qrupunun yaradıldığını diqqətə çatdırmışdır.
Tədbirdə gənc alimlərin sosial təminatının yaxşılaşdırılması, mənzillərin və yataqxanaların tikilməsi, elmi dərəcələrə görə verilən rütbə maaşlarının və doktorantların təqaüdlərinin artırılması, Prezident təqaüdünün təsis edilməsi, nailiyyəti olan gənc alimlərə Fəxri adların və mükafatların verilməsi məsələləri müzakirə olunmuş, təkliflər verilmişdir.
Gənclərin dünyanın aparıcı elmi mərkəzlərinə ixtisas artırmağa göndərilməsi və mübadilə proqramlarının maliyyələşdirilməsi, bu məqsədlə Gənc Alimlər Fondunun yaradılması da müzakirə mövzusuna çevrilmişdir.
İclasda bunlarla yanaşı, gənc alimlərin innovativ ideyalarının, səmərəli təklif və ixtiralarının tətbiqi ilə bağlı mexanizmin formalaşdırılması, elm-istehsalat birlikləri və xüsusi konstruktor bürolarının yaradılması, “Gənc alimlərin əsərləri” məcmuəsinin, “İnsan və biosfer” beynəlxalq elmi jurnalının və monoqrafiyaların çap olunmasına dəstək verilməsi, internet portalın, Azərbaycan, ingilis və rus dillərində “İnformasiya bankının” və texnoparkların yaradılması barədə fikir mübadiləsi aparılmışdır.