Gənc güləşçilərimiz Avropa çempionatının ilk günündə bir qızıl və bir gümüş medal qazanıblar
Bakı, 22 iyun, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycan güləşçilərindən Mikayıl Rəhmanov (60 kq) qızıl və Azər Nəsibli (50 kq) gümüş medal qazanıb.
Çempionatın ikinci günündə 55, 66, 84 və 120 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Nofəl Babayevin (55 kq) səkkizdəbir finalda ilk rəqibi Dato Çxartişvili (Gürcüstan) - Jakub Tadeuş Çieglinski (Polşa) qarşılaşmasının qalibi olacaq. Sənan Süleymanov (66 kq) isə onaltıdabir finalda Serbiya təmsilçisi Aleksa Erskiyə qarşı mübarizə aparacaq. İslam Abbasov (84 kq) səkkizdəbir finalda yunanıstanlı Efstratios Nikitasın müqavimətini qırmağa çalışacaq. Həmçinin 120 kiloqram çəki dərəcəsində mübarizə aparan Adəm Cəlilov isə dörddəbir finalda Estoniya güləşçisi Artur Vititin ilə qarşılaşacaq.
İyunun 23-24-də çempionatda gənc qızlar mübarizəyə qoşulacaqlar. Böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevin rəhbərliyi ilə çempionatda 5 güləşçimiz iştirak edəcək. Ölkəmizi Zelfira Ələkbərli (44 kq), Sona Tumarxanova (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) təmsil edəcək.
Çempionatda görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edir.
Qeyd edək ki, ötən il keçirilən Avropa çempionatında gənclərimiz yeni tarix yazaraq 5 qızıl, 4 gümüş, 6 bürünc medal qazanmışdılar.
Gənclər arasında Avropa çempionatı iyunun 26-da başa çatacaq.