MƏDƏNİYYƏT
Gənc musiqiçi Zəfər Günü münasibətilə solo konsert verib
Bakı, 7 noyabr, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İxtisas musiqi məktəb-studiyası Zəfər Günü münasibətilə tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, akademiyanın kiçik zalında İxtisas musiqi məktəb-studiyanın 8-ci sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Cəlalə İsmayılzadənin şanlı Zəfər Günümüzə həsr olunmuş solo konserti keçirilib.
Gənc və istedadlı pianoçu tədbirdə dünya musiqi mədəniyyətinin ən dəyərli simalarının əsərlərini – F.Mendelsonun e moll Skertsosu (op.16, №2), S.Raxmaninovun g moll Barkarollasını (op.10), A.Eşpayın d moll tokkatasını və F.Pulenkin 2 Novelletasını (C dur, b moll) səsləndirib.
Xüsusi musiqi duyumu və istedadına, zərif aplikaturaya malik gənc musiqiçi ifa etdiyi əsərlərin obraz-emosional təbiətini və mahiyyətini aydın çatdırmağa müyəssər olub. XX əsrin görkəmli rus bəstəkarı Sergey Raxmaninovun “Barkarolla” əsəri C.İsmayılzadənin yozumunda olduqca diqqətəlayiq səslənib. Melanxolik cizgilərlə zəngin bu pyes dinləyici auditoriyası tərəfindən maraqla qarşılanıb. F.Mendelsonun Skertsosu isə onun kifayət qədər hazırlıqlı texniki qabiliyyətlərini sərgiləyirdi.
Sonda tədbirin təşəbbüskarı, İxtisas musiqi məktəb-studiyanın direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova çıxış edərək gənc musiqiçinin parlaq istedadını vurğulayıb və Cəlalə İsmayılzadənin uğurlarında böyük zəhməti olan yorulmaz pedaqoq, Əməkdar müəllim Kamilla Əmirovaya öz təşəkkürünü bildirib.
Qeyd edək ki, kiçik yaşlarından musiqi ilə məşğul olan Cəlalə İsmayılzadə yerli və beynəlxalq müsabiqələrdə Azərbaycanı uğurla təmsil edir.