Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı maraqlı tamaşalarla zəngindir
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı həm məktəblilər, həm də gənc və yaşlı nəslin zövqünə uyğun maraqlı tamaşalarla zəngindir.
Teatrdan AZƏRTAC-a bildirilib ki, fevralın 3-də teatrda “Dovşanın ad günü”, “Hekayəti-Xırs-quldurbasan”, fevralın 4-də isə “Danışan gəlincik”, “Yarımçıq qalmış” tamaşaları nümayiş olunacaq.
Tamaşaçılar tərəfindən hər zaman maraqla qarşılanan səhnə əsərlərində rolları Əməkdar artistlər Qurban İsmayılov, Elşən Rüstəmov, Nofəl Vəliyev, Şövqü Hüseynov, Gülər Nəbiyeva, Nübar Novruzova, Vahid Əliyev, aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Elnur Hüseynov, Asya Atakişiyeva, Manaf Dadaşov və teatrın digər sevilən aktyorları ifa edəcəklər.
Tamaşalara biletləri mərkəzləşdirilmiş kassalardan və “ASAN xidmət”in filiallarından əldə etmək olar.