REGİONLAR
Gəncə İdman Sarayı yerli və beynəlxalq yarışların keçirilməsi üçün ən əlverişli məkan olacaq
Gəncə, 7 fevral, Elcan Məmmədov, AZƏRTAC
Gəncə İdman Sarayının tikintisi başa çatdıqdan sonra yerli və beynəlxalq yarışların keçirilməsi üçün ən əlverişli məkan olacaq. Bu sarayın tikintisi həm də regionda idmanın inkişafına öz töhfəsini verəcək. Prezident İlham Əliyevin Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olması və öz tövsiyələrini verməsi isə ölkəmizdə idmana olan diqqət və qayğının ən bariz nümunəsidir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov deyib.
O bildirib ki, 16 hektardan çox ərazini əhatə edən idman sarayı 2092 yerlik böyük idman zalı, 1410 yerlik tamaşaçı zalı, 100 nəfərlik restoran və 70 çarpayılıq otel tutumlu olacaq.
İkimərtəbəli Gəncə İdman Sarayında böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək.
Qeyd edək ki, dövlətimizin başçısı 2020-ci il iyunun 24-də Gəncəyə səfəri çərçivəsində bu idman qurğusunda inşaat işlərinin gedişi ilə tanış olub, müvafiq tapşırıqlarını verib. Bundan sonra obyektdə tikinti işlərinin sürəti daha da artıb.