İQTİSADİYYAT
Gəncə şəhərində sahibkarlara güzəştli kreditlər verilib
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, forumun əsas məqsədi sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Gəncədə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
Yüzə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Gəncənin iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, logistik mərkəzin, istixana kompleksinin və kiçik plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Qeyd edilib ki, 2014-cü ilin ötən dövrü ərzində 3547 sahibkara 186 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır. İndiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4362 investisiya layihəsinin maliyyələşdirilməsinə 156.2 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük təsərrüfatlarının və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 21 mindən çox yeni iş yeri açılıb. Həmçinin Gəncə şəhərindən olan 429 sahibkara 29.2 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 4000-ə yaxın yeni iş yeri yaradılıb.
İşgüzar forum çərçivəsində Gəncə şəhəri və ətraf rayonlardan olan 70-dən çox sahibkara 1,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması hesabına 150-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Tədbirdə sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.
Sonra Gəncə şəhərində xalça və trikotaj məhsulları istehsalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib.