Gəncədə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib
Gəncə, 19 avqust, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə Məhərrəm ayı ilə əlaqədar olaraq Aşura günündə könüllü qanvermə aksiyası təşkil edilib. Sakinlər gün ərzində Mərkəzi Qan Bankının Gəncə bölməsinə yaxınlaşaraq qan veriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin, Şəhər Prokurorluğunun rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Ölkədə tətbiq olunan karantin rejimi qaydalarına uyğun olaraq keçirilən aksiyada həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən müəyyənləşdirilib, hərtərəfli tibbi müayinələrdən sonra qan götürülüb.
Toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq. Gəncə şəhərində hazırda 100 hemofiliya, 120 talassemiya xəstəsi var.
Qeyd edək ki, qan vermək istəyən şəxslər növbəti 40 gün ərzində Mərkəzi Qan Bankının Gəncə bölməsinə yaxınlaşa bilərlər.