Gəncədə Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilmişdir
Gəncə, 14 noyabr (AZƏRTAC). Aşura günü ilə əlaqədar Gəncədə qanvermə aksiyası keçirilmişdir. Şəhərdə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, idarə, müəssisə kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri aksiyada yüksək mütəşəkkillik nümayiş etdirmişlər. Aksiya zamanı donorlar müayinədən keçmiş, sonra hər könüllüdən 150-200 qram həcmində qan götürülmüşdür.
Mərkəzi Qan Bankının Gəncə bölməsinin müdiri Tahirə Məmmədova AZƏRTAC-a demişdir ki, hər il Aşura günündə Gəncə sakinləri öz vətəndaşlıq borclarını yerinə yetirmək üçün könüllü şəkildə qanvermə aksiyasına qoşulurlar. Ölkə başçısının qayğısı ilə qərb bölgəsinin müqəddəs yerlərindən olan İmamzadə ziyarətgahında aparılan kompleks abadlıq və yenidənqurma işləri ilə əlaqədar builki aksiya Mərkəzi Qan Bankının Gəncə bölməsində təşkil edilmişdir. Ziyarətə gələn və donorluq etmək istəyən hər bir şəxsin bura gətirilməsi üçün xüsusi avtomaşınlar ayrılmışdır.
Bölmənin müdiri onu da əlavə etmişdir ki, aksiya məhərrəmlik bitənədək davam etdiriləcəkdir. Həmin müddətdə hər hansı şəxs müraciət edib, qan verə bilər. Aşura günü müraciət edən 250 donordan 80 litrə qədər qan götürülmüşdür ki, bu da Gəncədə qeydiyyatda olan 300 nəfərə yaxın hemofiliya, talassemiya və digər xəstəliklərdən əziyyət çəkən insanlara köçürülməsi üçün ehtiyatda saxlanacaqdır.