Gəncədə “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Gəncə, 28 may (AZƏRTAC). Gəncə şəhərində mayın 28-də Şərqdə ilk demokratik respublikanın elan olunduğu və hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin yerləşdiyi binada “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə Milli Məclisdə təmsil olunan kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə burada cümhuriyyət liderlərinin barelyefləri önünə əklil və gül dəstələri qoymuşlar.
“Dəyirmi masa”nı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq əlamətdar gün münasibətilə iştirakçıları təbrik etmiş, 94 il çətin və şərəfli yol keçmiş Azərbaycanın nailiyyətlərindən danışmışdır. Qeyd edilmişdir ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövrün təlatümlü hadisələri, xarici düşmənlərin müdaxiləsi, daxili çəkişmələr nəticəsində cəmi 23 ay yaşamışdır. Xalqımız yalnız 1991-ci il oktyabrın 18-də yenidən müstəqilliyə qovuşmuşdur. Ancaq həmin dövrdə də hakimiyyətdə olan səriştəsiz rəhbərlərin günahı üzündən müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşmişdir. Belə bir ağır şəraitdə xalqımız özünün dahi oğlu Heydər Əliyevə müraciət etmişdir. Dahi siyasətçi qısa vaxt ərzində ölkəmizi xaos və anarxiyadan qurtarmış, respublikamızı inkişaf yoluna çıxarmışdır. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli liderin arzuladıqlarını, ancaq edə bilmədiklərini şərəflə həyata keçirməyə başlamışdır. Bunun nəticəsidir ki, Azərbaycanın səsi ən mötəbər qurumlardan gəlir, adı dünyanın aparıcı dövlətləri ilə bir sırada çəkilir.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yolundan danışan icra başçısı bunu Gəncənin timsalında faktlarla iştirakçıların diqqətinə çatdırmışdır. Bildirmişdir ki, yaxın bir neçə ildə Gəncə inkişaf etmiş Avropa şəhərləri ilə müqayisə olunacaqdır. Hazırda şəhərdə sahəsi 359 kvadratmetr olan Heydər Əliyev Mərkəzinin, Dövlət Filarmoniyasının, Məhsəti Gəncəvi adına mədəniyyət mərkəzinin inşası sürətlə davam etdirilir. Əziz Əliyev küçəsində, “İstiqlal”, Məhəmməd Hadi, Abbas Səhhət adına parklar yenidən qurulur. Yaxın vaxtlarda Gəncə çayının sağ və sol sahilində Heydər Əliyev seyrəngahı salınacaqdır.
“Dəyirmi masa”da iştirak edən Gəncə Dövlət Universitetinin professoru Həsənbala Sadıqov, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Məleykə Əlizadə, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Modern.az” saytının rəhbəri Elşad Eyvazlı, jurnalistlərdən Aqil Aslan, Aqil Camal, Zülfüqar Hüseynzadə, Murad Əliyev və başqaları AXC-nin varisi olan müstəqil Azərbaycan Respublikasının 20 ildə keçdiyi şərəfli yoldan danışmış və bu inkişafa təminat verən ölkəmizin başçısının apardığı siyasətə dəstək olduqlarını bildirmişlər.
“Dəyirmi masa”nın keçirildiyi otaqda 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğunu diqqətə çatdıran Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıqov tədbirin iştirakçılarına universitet kollektivi adından minnətdarlıq etmişdir.
Tədbir iştirakçıları universitetdə yaradılmış “Cümhuriyyət” muzeyinə baxmışlar.