Gəncədə müasir tipli iki yeni qəsəbə salınacaq
Gəncə, 23 yanvar, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhərində çoxmərtəbəli binalardan ibarət 2 yeni yaşayış qəsəbəsi salınacaq. Şəhərin qərb istiqamətdən girişində salınacaq bu qəsəbələrdən biri üçün 50 hektar, digəri üçün isə 150 hektar ərazi ayrılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Gəncə şəhərinin baş memarı Elxan Məmmədov məlumat verib.
Bildirilib ki, yeni yaşayış massivində çoxmənzilli yüksək binalar, 3-4 mərtəbəli evlər, məktəb binası, uşaq bağçası, eləcə də sosial və iaşə obyektlərinin inşası nəzərdə tutulur.
Baş memar qeyd edib ki, bu binaların tikilməsində Mənzil İnşaatı Dövlət Agentliyi yaxından iştirak edəcək. Tikintisi başa çatan binalar satışa çıxarılacaq və vətəndaşlara sərfəli şərtlərlə təklif ediləcək. Belə ki, sosial təminatı çox da yüksək olmayan vətəndaşlar hər ay cüzi məbləğ ödəməklə mənzil sahibi ola biləcəklər.
Həmçinin şəhərdə qəzalı vəziyyətdə olan binalarda yaşayanların və infrastruktur layihələrinin icrası zamanı evlərindən köçürülən ailələrin də yeni qəsəbələrdə yerləşdirilməsi nəzərdə tutulur.