Gəncədə Qadın Sahibkarların I Qurultayı olub
Bakı, 28 aprel, AZƏRTAC
Gəncə şəhərində “Credence Group” və Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin (ASQİB) təşkilatçılığı ilə Qadın Sahibkarların I Qurultayı keçirilib.
Bu barədə AZƏRTAC-a İctimai Birlikdən məlumat verilib.
“Güclü qadınlar, sonsuz imkanlar” şüarı altında keçirilən tədbir qadın sahibkarlığının inkişafına dəstək vermək, biznes mühitində qadınların rolunu gücləndirmək, eləcə də regionlarda yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına şərait yaratmaq məqsədilə təşkil olunub.
Qurultay çərçivəsində ölkənin ictimai və işgüzar həyatında nüfuz qazanmış şəxslər spiker və fəxri qonaq qismində iştirak ediblər.
Tədbirdə Sahibkar Qadınlar İctimai Birliyinin sədri və “Qızıl Əllər” MMC tədris müəssisəsinin təsisçisi Zenfira Ağayeva ölkədə sahibkarlığın inkişafının iqtisadiyyat üçün əhəmiyyətini vurğulayaraq, dövlət tərəfindən göstərilən dəstək və yaradılan şərait haqqında ətraflı məlumat verib və qurultayın işinə uğurlar arzulayıb.
Qurultayda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmini, Türkiyənin Gəncədəki vitse-konsulu Yiğit Yalın Soyal, Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə, tanınmış rəssam-modelyer, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, “Fakhriya Khalafova” moda evinin təsisçisi Fəxriyyə Xələfova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Sahibkar Qadınlar İctimai Birliyinin sədri, “Qızıl Əllər” MMC-nin təsisçisi Zemfira Ağayeva və sahibkarlar iştirak ediblər.
Çıxış edənlər öz təcrübələrini və sahibkarlığın inkişaf perspektivləri ilə bağlı fikirlərini iştirakçılarla bölüşüblər. Onlar ASQ Birliyinin fəaliyyətini yüksək qiymətləndirərək qadın sahibkarlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Qurultay çərçivəsində bir qrup sahibkar xanım “Fəxri diplom” ilə təltif olunub.
Tədbir bədii proqram ilə davam edib.