GƏNCƏDƏ REGİONAL BİZNES FORUM KEÇİRİLMİŞDİR
Əvvəlcə son bir ildə Gəncənin sosial-iqtisadi həyatında baş vermiş dəyişiklikləri əks etdirən videolent nümayiş etdirilmişdir.
İqtisadi inkişaf naziri Fərhad Əliyev regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramı ilə əlaqədar görülmüş işlər barədə məlumat verərək bildirmişdir ki, ölkəmizdə ümumi daxili məhsul istehsalı 10 faiz, adambaşına düşən sərmayələrin həcmi 2500 ABŞ dolları olmuş, inflyasiya 2 faiz təşkil etmiş, orta aylıq əmək haqqı 450 min manatdan çox olmuşdur. 50 minə yaxın daimi yeni iş yerinin açıldığını, onlarca yeni müəssisənin işə salındığını xatırladan nazir vurğulamışdır ki, bununla belə, ölkə iqtisadiyyatında regional qeyri-tarazlıq meyilləri vardır. Belə ki, regionların dövlət büdcəsində payı 12 faizdən aşağı düşmüşdür. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafını mühüm dövlət əhəmiyyətli vəzifə kimi qarşıya qoyması və bu məsələyə olduqca tələbkar münasibəti regionlarda belə tədbirlərin keçirilməsi zərurətini yaratmışdır. İndiyədək Şəki, Quba və Lənkəranda da belə forumlar keçirilmişdir.
Nazirliyin regional inkişaf şöbəsinin müdiri Ağacan Əhmədov 9 rayon və 2 şəhəri əhatə edən Gəncə-Qazax iqtisadi rayonunun mövcud vəziyyəti və inkişaf perspektivləri barədə geniş məruzəsində bildirmişdir ki, ölkə ərazisinin 14,4 faizini təşkil edən iqtisadi rayon öz əhəmiyyətinə görə respublikamızda ikinci yeri tutur, sənaye məhsulu istehsalında 12-13 faiz payı vardır. Regionda kənd təsərrüfatı, sənaye, nəqliyyat, tikinti sahələrində istifadəyə cəlb edilmiş xeyli ehtiyatlar vardır. Qısa müddətdə bu iqtisadi rayonda 9300 yeni iş yerinin açılması da bunu təsdiqləyir.
Forumda iştirak edən xarici ölkə səfirliklərinin, şirkət, maliyyə bank birliklərinin nümayəndələri Gəncə-Qazax iqtisadi rayonunda geniş sərmayə qoyuluşu imkanlarının mövcudluğunu, iş adamları ilə sıx əlaqə, əməkdaşlıqda maraqlı olduqlarını bildirmişlər. Bununla əlaqədar yerli sahibkarların, xarici sərmayəçilərin, icra orqanlarının nümayəndələrinin təklifləri dinlənilmişdir.
X X X
Regional biznes forum çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən şirkət və müəssisələrin məhsullarından ibarət sərgi təşkil olunmuş, Gəncə Olimpiya Kompleksində kredit yarmarkası keçirilmişdir.
Sahibkarlığa Kömək Milli Fondu vəsaitinin istifadəsi üzrə seçilmiş müvəkkil kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə kreditlə bağlı müraciətlər qiymətləndirilmiş, müvafiq qərarlar qəbul edilmişdir. 200 sahibkara 9,46 milyard manat həcmində güzəştli kredit verilmişdir. Bu kreditin ayrılması regionda 950 yeni iş yerinin açılmasına sosial-iqtisadi inkişafa kömək göstərəcəkdir.
Biznez forumun iştirakçıları Gəncənin tarixi abidələrinə baxmış, bir sıra müəssisələrdə istehsal prosesi ilə tanış olmuşlar.