Gəncədə şagirdlərə xaricdə doktorantura və ikili diplom proqramları barədə məlumat verilib
Gəncə, 27 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə müxtəlif məktəblərdən olan şagirdlərə xaricdə doktorantura və ikili diplom proqramlarının tanıdılması ilə bağlı təqdimat keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimatda İdarəetmə Qrupunun rəhbəri Turan Topalova dinləyicilərə beynəlxalq təhsil təcrübələrinin təhsildə əhəmiyyəti və faydaları barədə ətraflı danışıb.
Beynəlxalq ikili diplom proqramları üzrə mütəxəssis Tərlan Abbasova isə çıxışında Dövlət Proqramı çərçivəsində bakalavriat və magistratura pilləsi üzrə həyata keçirilən ikili diplom proqramları haqqında məlumat verib.
Təqdimatda ADAU və Ege Universiteti arasında ikili diplom proqramının koordinatoru Fərrux Rəhimov aqrar ixtisaslar üzrə bakalavriat səviyyəsində həyata keçirilən ikili diplom proqramı haqqında çıxış edib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.